“Əli Kərimli bizə qarşı səlib yürüşünü indi də davam etdirir” – RAZİ NURULLAYEV

276

“Dövlət başçısı İlham Əliyevin dünən videokonfrans şəklində keçirilən müşavirədə dediyi vacib məqamlardan biri də müxalifətin Parlamentdə çıxışlarının müsbət hal olması ilə bağlı dedikləridir. Ölkə başçısı deyir ki, “…müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır”. Cənab prezidentin bu fikirlərini alqışlayıram və inanıram ki, bu münasibət ölkəmizdə siyasi plüralizmə söykənən və fərqli fikirlərin cəmiyyətin inkişafında əsaslı rol oynamasına, o cümlədən xalqımızın daha firavan yaşamasına şərait yaradacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlə AXCP sədri, deputat Razi Nurullayeva məxsusdur.

“Bu gün sağlam və sivil siyasi müxalifətin də məqsədi, ölkə başçısının dediyi kimi dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Doğurdan da belə olan halda xalqın mövcud olan problemləri, istəkləri daha tez həll olunacaq”,-deyə deputat əlavə edib.

“Əli Kərimli müxalifətlə iqtidar arasında xalqın rifahı naminə körpü yaradılmasına maneçilik törədir”

R. Nurullayevin sözlərinə görə, o,  2015-ci ildən sivil müxalifət nümunəsini ortaya qoyub, bütün çətinliklərə, təzyiqlərə və məşəqqətlərə baxmayaraq dostları ilə birlikdə bu yoldan dönməyib:“Bizdən öncə də bu yolu seçən siyasi dostlarımız var. Biz və onlar ölkənin çıxış yolunun sivil müxalifətçilikdə, barışda, əmin-amanlıqda olduğunu demişik. 2015-ci ildə AXCP-ni yenidən quranda AXC zamanında vəzifədə olmuş və hökumətin yıxılmasının qarşısını ala bilməyən Əli Kərimli bizə qarşı səlib yürüşünü başladı. İndi də səlib yürüşünü davam etdirir və müxalifətlə iqtidar arasında xalqın rifahı naminə körpü yaradılmasına maneçilik törədir. Biz bu körpünü xalqin rifahı üçün istəyirik”.

“Xalqın sözünü tribunadan deyirik”

“Biz deyirdik ki, siyasi mübarizəni parlamentə daşıyaq, tribunadan istifadə edib sivil mübarizə aparaq, fərqli söz və fikirlərimizi cəmiyyətə, hökumətə, dövlət başçısına çatdıraq. Biz bunu bacardıq və xalqın sözünü tribunadan deyirik. Buna görə bizi asan və kəsən yoxdur, mənə təzyiq və müqavimət yoxdur. Sözüm kəsilmir. Bəli, biz istəyirdik ki, küçələrdən, çayxanalardan, gizli künc-bucaqlardan çıxıb sivillləşək, mədəniləşək, dövlətləşək və müxalifətlə-iqtidar arasında körpü yaradaq”,-deyə deputat qeyd edib.

“Yeni salınan körpüdən keçməyə dəvət olunan Əli Kərimli keçməkdən imtina etdi”

R. Nurullayev vurğulayıb ki, körpü artıq salınıb, münasibətlər bəllidir: “Parlamentdə müxalifət də söz sahibidir, hakim partiyanın demədiklərini deyirik. İqtidar da onu eşidir, dinləyir və tədbir görür. Cənab prezident də dünən bunu vurğuladı. Siyasət budur. Təəssüf ki, yeni salınan körpüdən keçməyə dəvət olunan Əli Kərimli keçməkdən imtina etdi. Xalqını düşünən, milləti üçün gözünü kor etmək istəyən zəhər olsa belə, gərək, içsin”.

Şamo EMİN, Hurriyyet.org