“Əli Həsənov üçün ən təhlükəsiz yer DTX-nın istintaq təcridxanası ola bilər” – HEYDƏR OĞUZDAN SENSASİON MÜSAHİBƏ

225
Ölkə başçısının sabiq köməkçisi Əli Həsənov səhhətiylə əlaqədar Türkiyəyə getdi. Özünün media orqanlarına verdiyi məlumata görə, ürəyində müayinələr aparılacaq, daha sonra anju və müxtəlif testlərdən keçiriləcək. Maraqlıdır ki, Əli Həsənovun xəstəlik səbəbindən ölkəni tərk etməsinə şübhə ilə yanaşanlar da var. Ədalət partiyasının sədr müavini Heydər Oğuz da bu cür şübhəçilərdəndir. Bəs bu şübhələrin qaynağı nədir?
Şair-publisistin “Hürriyyət” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
-Doğrusu, Əli Həsənovun səhhəti barədə qəti fikir söyləmək imkanından uzağam. Buna siyasətçilər yox, tibb mütəxəssisləri aydınlıq gətirməlidirlər. Məni maraqlandıran isə başqa məsələdir. Əli Həsənov niyə Türkiyədə müalicədə olunmalıdır? Fikrimcə, cavablandırılası ən ciddi sual budur. Niyə Azərbaycanın yetim-yesiri, kasıb-kusubu Semaşkoda, Sabunçu xəstəxanasında müalicə adıyla ölüm döşəyinə yatırılmalı, məmləkəti bu hala gətirən, çapıb-talayan iri məmurlar isə xarici tibb ocaqlarına pənah aparmalıdırlar. Axı bu məmləkəti indiki vəziyyətə salan onlardır. Adətən bişirdiyi yeməyi isə birinci aşbaza yedirirlər. Aşbaz da məsuliyyət hiss edib yeməyə zəhər qatmır. İri məmurları xaricdə müalicə olunan ölkənin tibbi inkişaf edə bilməz. Bizdəki kimi kasıbların ölüm makinasına çevrilər.
Hesab edirəm ki, ilk növbədə iri məmurlar öz xəstəxanalarımızda müalicə olunmalıdır. Bu sadəcə Əli Həsənova da aid deyil. Ölkə rəhbərinin yerinə olsam, bunu qanuniləşdirər və heç bir iri məmurun başqa yerdə müalicəsinə icazə vermərəm.
Təsadüfi deyil ki, Əli Həsənovun pənah apardığı qardaş ölkənin tibbi məhz bu anlayış hesabına indiki hala gəlib. Bilirsiniz ki, Türkiyənin qurucusu Atatürk ömrünün axırlarında xəstələnərkən hökumət onu xarici ölkədə müalicəyə göndərmək istəyir. Atatürk bundan imtina edir və “məni türk həkimlərinin ixtiyarına verin”, – deyir. Hətta xarici ölkədən həkim gətirməyə belə razılıq vermir. Baxmayaraq ki, Atatürkün zamanında Türkiyə indiki qədər güclü də deyildi. I Dünya müharibəsindən yenicə çıxmış, böyük itkilər vermiş ölkə hələ də yaralarını sarıya bilməmişdi. İqtisadiyyatını və dolayısıyla tibbini inkişaf etdirməyə maddi imkanı çatmırdı. Bununla belə, Atatürk sağlamlığını yalnız öz həkimlərinə həvalə etməyə üstünlük verirdi. Çünki öz bişirdiyi yemək idi və dadına da birinci özü baxmalı idi. Bu cür əxlaqa, mənəviyyata sahib olan idarəçilər yalnız böyük dövlət qura bilərlər. Bizdə isə son 10-15 ildə ölkəmizə yüzmilyardlarla dollar neft pulları gəlib. Hər il dövlət büdcəsindən tibbin inkişafına 100 milyonlarla dollar xərclənib.
Ortada düz əməlli tibb ocaqları isə yoxdur. İqtisadiyyatımız da bərbad vəziyyətdədir. Hələ də neftdən, qazdan asılılıqdan xilas ola bilməmişik. Ölkənin bütün varidatları bir ovuc iri məmurun ciblərinə axıb. Onlar isə həmin vəsaitləri ölkədən çıxarıb xaricdə özlər üçün səltənətlər yaradıblar. Dolayısıyla Azərbaycana düşmən kimi yanaşıblar. Həmin düşmən kimi davrananlardan biri də indi Türkiyəyə sığınan Əli Həsənov olub. Fikrimcə, Əli Həsənovda zərrə qədər vicdan olsa, özü geri qayıdar və Semaşkoda müalicəsini davam etdirər. Zira onun və mənsubu olduğu hökumətin Azərbaycan xalqına rəva gördüyü tibb sisteminin simvolu Semaşkodur. Hansı ki, gündə neçə nəfər bu tibb ocağında adi xəstəlikdən dünyasını dəyişir. Bəzən heç bir həyati təhlükəsi olmayanlar belə, Semoşkonun məsuliyyətsiz həkimlərinin qurbanına çevrilirlər. Həmin kasıb-kusubun, yetim-yesirin nəyi Əli Həsənovdan əskikdir: onun kimi oğru olmamaları, dövlət əmlakını talamamaları? Harda görünüb ki, oğru, malı oğurlanandan daha imtiyazlı sayılsın? Məmləkətini viran qoyan Əli Həsənovlar, Oqtay Şirəliyevlər başqa ölkələrin tibb ocaqlarında müalicə olunmağa gedəndə xəcalət çəkməlidirlər. Xüsusilə Türkiyədə.
Çünki bu ölkənin qurucusu Atatürk canını öz həkimlərinə həvalə edərək həmin tibb ocaqlarını qurub. İnanıram ki, türk həkimləri Hippokrat andı içməsəydilər, onu anju etməzdilər. Bunu Atatürkün ölkəyə bəxş etdiyi prinsiplərə xəyanət sayardılar. Binəvalar Hippokratın zibilinə düşüblər. Hippokrat da bilsəydi ki, vaxt gələcək onun sözlərindən Azərbaycanın talançı, rüşvətxor, ölkəni məhv edən iri məmurlar yararlanacaq, bəlkə həmin andı içməzdi də.
-Heydər bəy, hansı məntiqə əsaslanıb Əli Həsənovu talançı adlandırırsınız? Axı bu haqda məhkəmə qərarı yoxdur.
-Əli Həsənovun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Gəlin, bir-birimizə Təqsirsizlik prezumpsiyası nəğmələri oxumayaq. Təqsirsizlik prezumpsiyası o ölkələrdə öz həqiqi möhtəvasına bürünür ki, orda normal məhkəmə sistemləri olur və həmin məhkəmələr insana cinayət əməlinə görə cəza kəsirlər. Azərbaycan məhkəmələri isə cinayətkarı yox, yaxşı pul verməyəni cəzalandırır. Hər halda bunu təkcə mən demirəm. Ölkə başçısı İlham Əliyev də indiki Baş prokuror Kamran Əliyevi vəzifəyə təyin edərkən bunu açıq şəkildə dilə gətirmişdi. Demişdi ki, hüquq mühafizə orqanlarının qarşısında dayanan ən mühüm məsələ qanunun aliliyini təmin etməkdir.
Biz isə bu sahədə istədiyimizə nail ola bilməmişik. Hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda sosial ədalətsizliklərin arxasında hansısa maraqlar, şəxsi təmənnalar dayanır. Rüşvətxorluğun baş alıb getdiyi, məhkəmə hökmlərinin qanuna zidd olduğu, oğru əvəzinə doğrunun cəzalandırıldığı məmləkətdə hansı Təqsirsizlik prezumpsiyasından danışa bilərik? Əli Həsənovun dövlət əmlakını talaması Baş Prokurorluğunun Mətbuat Şurası barədə istintaq araşdırmasına başlamasında da özünü büruzə verdi. Azərbaycanda hər kəsə bəllidir ki, dövlət hesabına jurnalistlər üçün tikilən evlər kimlərə paylanıldı. Mətbuata dəstək adıyla milyonlarla manat necə qəsb olundu. Heç uzağa getməyək, Əli Həsənov dövlət məmuru idi. Qanunən onun bizneslə məşğul olması qadağandır. Amma necə böyük sərvətlərə malik olduğu dəfələrlə media qurumlarında öz əksini tapıb. Əli Həsənov ilk növbədə həmin topdağıtmaz sərvətlərinin hesabatını verməlidir ki, Təqsirsizlik prezumpsiyası ona da şamil olunsun.
-Son zamanlar Azərbaycanda koronavirus qadağalarına baxmayaraq, bir sıra iri məmurların öz övladlarına toy etdikləri barədə məlumatlar mediaya sızdırılıb. Bu barədə nə deyərdiniz?
-Atatürkün dövlət və ədalət sistemi barədə gözəl bir fikri var: “Ədalət mülkün təməlidir”. Burada mülk deyəndə dövlət, ölkə nəzərdə tutulur. Yəni Atatürk deyir ki, bir ölkədə ədalət olmasa, onun çöküşü qaçılmazdır. Görünür, məhz bu səbəbdən Məhəmməd peyğəmbər deyib: “Bir saat ədalətlə hökm etmək bir il durmadan ibadət etməkdən daha xeyirlidir”. Peyğəmbər digər hədisdə deyir ki, ədaləti tapdalayan dövlət adamını cəzalandırılmayan millətlər yox olmağa məhkumdurlar. Məsələyə bu aspektdən yanaşanda öz “təbəə”lərinə karantin məhdudiyyətləri tətbiq edən iri məmurların özlərinin həmin qadağaları pozmaları dövləti çökdürməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər. Təsəvvür edirsinizmi, karantin məhdudiyyətlərini tətbiq edən Operativ Qərargahın rəhbəri Əli Əsədovdur. Millətin qabağına çıxıb insanları karantin tədbirlərinə əməl etməyə çağırır. Özü isə övladına toy edir, heç bir sosial məsafə saxlamır.
Ramiz Mehdiyevin nəvəsinə toy etməsindən və bütün köhnə qurdların həmin məclisə toplaşmasından isə heç danışmağa dəyməz. Çünki bu adamın 5-ci kolonun rəhbəri olduğu hər kəsə bəllidir. Məqsədi Azərbaycanı çökdürmək, Rusiyanın yedəyinə bağlamaq olduğundan onun qayda-qanunları tapdalaması, özünü xüsusi imtiyaz sahibi kimi aparması başadüşüləndir. Mənim anlamadığım məsələ isə ədalət prinsipini pozmaqla dövləti çöküşə aparan bu adamlara hüquq-mühafizə orqanlarının niyə səbrlə yanaşmasıdır. Niyə yetim-yesirin hətta yas mərasimi keçirməsinə ən ağır cəza verən polis orqanları iri məmurların bu özbaşınalıqlarına göz yumurlar? Media əməkdaşlarının yaxın dostu kimi tanınan bir iş adamı var – Mürvət Həsənli. O, həm də maraqlı analitik yazıları ilə tanınır. Dolayısıyla qələm dostu sayılırıq. Adamın bu yaxınlarda qardaşı dünyasını dəyişmişdi. Bu o zaman idi ki, karantin məhdudiyyətləri də sərt deyildi. Restoranlar işləyir, insanlar rahatlıqla yeyib içirdilər. Belə bir zamanda iş adamını yaxından tanıyan insanlar ona başsağlığı vermək üçün təziyə ziyarətinə getmişdilər. Mən də onların arasında idim. Mürvət Həsənli təziyə ziyarətinə gələnləri sahibi olduğu “Xəmsə” restoranının bağçasında bir-birindən 5-10 metr aralı köşklərdə əyləşdirib başsağlıqlarını qəbul edirdi. Yəni sosial məsafə qorunurdu. Masa üzərində maska və dezinfeksiya maddələri də qoyulmuşdu.
Buna baxmayaraq, Nizami rayonunun polis əməkdaşları həmin yas məclisinə hücum edib ziyarətçiləri qovdu, iş adamına isə 5000 manat cərimə kəsdi. Hüquq mühafizə orqanları eyni prinsipiallığı 5-ci kolonun rəhbərlərinə niyə göstərmirlər? Niyə əsgərdən gələn oğlu üçün evində qohum-qardaşla şadyanalıq edən sıravi vətəndaş astronomik məbləğdə cərimələnir, amma 5-ci kolonun üzvləri keyf məclislərində bir-birinin sağlığına badə qaldırırlar? Bu da azmış kimi Naxçıvandan guya 90%-lik səslə seçilmiş “kristal” deputat Siyavuş Novruzov mətbu orqanlara müsahibəsində “əcəb edib məclisdə iştirak etmişəm” deyib nəinki Azərbaycan qanunlarına, hətta ÜST kimi beynəlxalq təşkilatların protokollarına tüpürə bilir. Üstəlik, onun həmin məclisdə tək deyil, Ombusdman olan həyat yoldaşı ilə birgə iştirak etdiyi məlum olur. Budurmu insan hüququ anlayışı? Yoxsullar, dövlət büdcəsinə vergi verən iş adamları ən əziz adamlarına yas tuta bilmədiyi ölkədə korrupsioner dövlət məmurları toy edirsə, keyf məclislərində əylənirsə, hansı ədalətdən danışmaq olar? Axı ədalətin simvolu olan Femidanın gözü bağlı, əlində idə qılınc tutur. Bu isə o deməkdir ki, kimliyindən asılı olmayaraq həmin qılınc qaydaları pozan hər kəsin boynuna endirilməlidir. Hüququn hər kəsə fərqli gözlə baxdığı, damarına görə qan aldığı məmləkətdə ədalətdən, dövlətçilik ənənələrindən danışmaq olmaz. Ədaləti tapdalayanlar bu dövlətin ayağının altını qazananlardır.
-Müsahibədən əvvəl söhbətimizdə bildirmişdiniz ki, Əli Həsənovun xəstəliyə görə Türkiyəyə getdiyinə inanmırsınız. Hesab edirsiniz ki, o, sadəcə olaraq ölkədən qaçıb. Bunu necə arqumentləşdirə bilərsiniz?
-Arqumentlər kifayət qədərdir. Əvvəla, Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırladığına dair mülahizələr var. Hətta Eldar Həsənovun bu ittihamla saxlanıldığı iddia olunur. Azərbaycandakı Rusiya uzantısının Əli Həsənov-Ramiz Mehdiyev olduğu heç kimə sirr deyil. Niyə bu həbs reallaşan kimi Əli Həsənovun ürəyi tutdu? Üstəlik, o, Türkiyəyə tək getməyib. Məlumatlara görə, həyat yoldaşı Sona Vəliyeva da onunla birlikdə bu ölkəyə səfər edib. Belə çıxır ki, ailə aradan çıxıb. Ən əsası isə, bayaq dediyim kimi, ürək əməliyyatları Azərbaycanda da yaxşı aparılır. Bizim bir çox həkimlər yeri gələndə Türkiyədəki həmkarlarından geri qalmırlar. Bir çoxları Türkiyədə, xarici ölkələrdə təhsil alıblar. Ürək əməliyyatları artıq tibdə korbağırsaq qədər asan əməliyyat sayılır. Əli Həsənov isə Türkiyədə müalicə olunmağa üstünlük verir. Məlumatlara görə, bu adam öz mülklərini də tələm-tələsik satıb. Niyə? Bəyəm anju əməliyyatına pulu çatmayacaq qədər yoxsullaşıb? Əli Həsənov şübhəli şəxs qismində saxlanılmalı olduğu halda, onun ölkədən çıxması ciddi suallar yaradır. Belə təsəvvür yaranır ki, 5-ci kolon bir nömrəli sirr daşıyıcısını ölkədən çıxarmağa nail olub. Açığı, mən onun həyatından da əndişə duyuram.
Çünki 5-ci kolonun 2012-ci ildə digər sirr daşıyıcısı Sevinc Babayevanı da Türkiyəyə qaçırdığı və onun həmin ölkədə müəmmalı şəkildə öldüyü faktları yaddaşlardan hələ silinməyib. Hesab edirəm ki, Əli Həsənov bu amilləri nəzərə almalı və təcili ölkəyə qayıdıb özünü Azərbaycan həkimlərinə həvalə etməlidir. Hətta deyərdim ki, onun üçün ən təhlükəsiz yer DTX-nin istintaq təcridxanası ola bilər. Nəzərə alsaq ki, Əli Həsənov FETÖ-nün əsas fiqurlarından biri kimi tanınır və Türkiyədə hələ də bu terror təşkilatının tör-töküntüləri var, onların da öz sirr dağarcıqlarını təmizləmək həvəsinə düşməsi ehtimalı da istisna olunmamalıdır.
Hurriyyet.org