Ələsgər Ələkbərov və Mehdi Hüseyn dramaturgiyası

216

XX əsrin ən qüdrətli sənətkarı olan SSRİ xalq artisti Ə. Ələkbərov yaratdığı bir-birindən kəskin fərq­lənən zəngin obrazlar qalereyası da­im tamaşaçıları düşün­dü­rmüş­dür. Qüd­rətli sənətkarın ifa etdiyi səhnə qəhrəmanları insanları gələcəyə apa­­ran sənət nümu­nə­­ləridir. Onun yaratdığı El­xan, Vaqif, Aydın, Kral Lir, Fərhad, Otello, Cavanşir kimi möhtəşəm obrazlar sənətkarlığın əlçatmaz zirvəsini fəth etmişdir. Azərbaycan səhnəsinin fəxri olan bu görkəmli sə­nətkar həyat verdiyi qəhrə­man­ları kimi, bütöv təbiətə malik olan böyük insan idi. Onun ifa et­diyi hər hansı bir obraz ta­ma­şaçıların mənəviyyatında bö­­yük dönüş yaradaraq, onları yük­səlişə, inkişafa çağırırdı.

1942-ci il avqust ayının 16-da A. İsgəndərovun quruluşunda M. Hüseynin “Nizami” pyesi tamaşaçılara təqdim olundu. Əsərdə memar Əbdək rolu Sidqi Ruhulla və Ələsgər Ələkbərova tapşırıldı.

Ə. Ələkbərovun ifa etdiyi Əbdək çox alicənab, vətənpərvər bir şəxs olmaqla yanaşı, dostu Nizamiyə sadiq qalan bir insan idi. Qorx­maz, mərd Əbdək-Ələkbərov xalqa inanan, ona arxalanan bir insan olduğuna görə daim xalqının gözündə ucalırdı. Xalq adamı olan, vətənin mənafeyini göz bəbəyi kimi qoruyan Ədbək-Ələk­bərovun iradəsini heç nə sındıra bilmirdi. Qəhrəmanlıq səhnələrində aktyor öz istedadından lazımi səviyyədə istifadə edirdi.

1957-il sentyabr ayının 14-də A. İsgəndərovun quruluşunda tamaşaya qoyulan M. Hyseynin “Cavanşir” əsərində Ə. Ələkbərova Cavanşir obrazını ifa etdi.

Ələsgər Ələkbərov “Ədəbiyyat və incəsənət” qəzetində (14.09.1957) yazırdı; “Bu gün teatrımız yazıçı Hüseyn Mehdinin “Ca­­vanşir” tarixi-qəhrəmanlıq dramının ilk tamaşası ilə yeni möv­sümə başlayır. Hazırladığımız bu əsərdə öhdəmə düşən Cavan­şir surəti Vaqifdən sonra mənim üçün ən çətin və məsuliyyətli rollar­dandır. Xalqımızın yadelli qəsbkarlarla qarşı qəhrəmanlıq mübarizə­sin­dən bəhs edən bu əsər üzərində kollektivimiz böyük həvəslə işlə­miş­di. Bizim teatr qəhrəmanlıq dramları tamaşaya qoymaqda zən­gin təcrübəyə malikdir. Ümid etmək olar ki, kollektivimiz öz zəngin təcrübəsinə arxalanaraq dramaturqun ilhamla yaratmış olduğu pyesi realist planda, monumental bir səviyyəyə qaldıra bilmişdir”.

Ə. Ələkbərovun ifasında Cavanşir böyük sərkərdə, vətənini sevən bir insan, bacarıqlı dövlət xadimi idi. Onun Cavanşiri mücər­rəd düşüncədən uzaq olan, yaşadığı zamanın tələbləri ilə ayaqlaşan, böyük arzularla yaşayan şəxsiyyət idi.

“Cavanşir rolunu oynayan Ələsgər Ələkbərovun fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Ə. Ələkbərovun yaradıcılığında qəhrəman şəxsiyyətlərin, tarixi simaların obrazı nmüəyyən bir silsilə təşkil edir və aktyor hər yeni obrazı yaradarkən üslübuna xas olan mühüm bir keyfiyyəti, romantik qəhrəmanlıq keyfiy­yəti­ni nümayiş etdirir… Cavanşir-Ə. Ələkbərovun məharətlə yaratdığı surətlər silsiləsidir. Ə. Ələkbərov bütün rollarda temperamentli və qızqındır.” (M. Əlioğlu).

Ələsgər Ələkbərovun yaratdığı Cavanşir obrazı onun Vaqif və Otellodan sonra ifa etdiyi ən müvəffəqiyyətli səhnə qəhrəmanı idi. Aktyor Cavanşirin mənəvi aləmini dərindən duyurdu. Elə ona görə də o, Cavanşiri həm sərkərdə, həm də ata kimi tamaşaçılara ustalıqla çatdırırdı.

“Öz qəhrəmanının şahənə əzəmətinə aludə olan Ələsgər Ələk­bərov möhtəşəm, ülvi bir hökmdar-vətəndaş surətu yaradırdı” (C. Cəfərov).

Cavanşir-Ələkbərov yaşadığı dövrün çəkişmələrini, etik və estetik yaxınlığı təmsil edən sərkərdə idi.

“Belə bir mürəkkəb xarakterli surətin səhnədə canlandırması artisdən böyük yaradıcılıq bacarığı və gərgin əmək tələb edir. Bu mənada Ə. Ələkbərov Cavanşir rolunu sadəcə olaraq oynamır, yaradır. Oğlu­nun ölümünə qərar verən, onun ölümündən sonra dərin izti­rablar ke­çirən Cavanşir-Ələkbərov nə qədər təsirli və həyacanlıdır. Cavan­şirdə-Ələkbərovda eyni mürəkkəb psixoloji halları Bəhramla üz-üzə gəldikdə, arvadının əsr alındığını eşitdikdə və ən sevimli ordu başçılarından Qartalın ağır işgəncələrdən sonra ölmünü gördükdə müşahidə edirik. Yaradıcı əməyin məhsulu olan bu rolu istedadlı artistimiz Ələkbərovun yeni bir qələbəsi saymalıyıq” (C. Xəndan).

Sərkərdə Cavanşirin parlaq obrazını Ə. Ələkbərov öz təqdi­matında əməli ilə sözü, gücü ilə ağlı bir olan cəngavər idi.

Ə. Ələkbərov tamaşanın sözsüz yerlərində də ağıllı nəzərləri ilə camaatı dinləyərkən belə əzəmətli, sanballı görünürdü. Cavan­şir-Ələkbərovun yerişi də, baxışı da düşünülmüş idi, obrazın psixo­lo­giyasına uyğun gəlirdi.

Ə. Ələkbərovun ifasında Cavanşir ağıllı cəngavər, qorxmaz sərkərdə, bacarıqlı dövlət başçısı idi. Onun Cavanşiri xalqla birgə olan bir rəhbər idi. Ona görə də aktyor bu mürəkkəb xarakterli ob­raz ilə tamaşaçıların qəlbinə yol tapa bilmişdir.

“Ələkbərov Cavanşirin həyatı sona çatdığını saralmış varlığında, kədərli səsində, qəmli gözlərində və taqətdən düşmüş hərəkətlərində ifadə edirdi. O, yeganə və sevimli oğlunu qətiyyən yaddan çıxara bilmədiyi üçün tez-tez onu xəyalı ilə danışır (16-cı şəkil), ömrünün mənasızlığını, özünü məzəmmət edərək peşman olduğunu ürəklərə od salan bir dillə söyləyirdi. Burada aktyor bir atanın dəhşətli fa­ciələr qarşısında diz çöküb gücsüz-taqətsiz qaldığını ustalıqla can­lan­dırırdı. Öz qüvvət və qüdrəti ilə şöhrət tapmış əzəmətli, vüqarlı Cavanşir-Ələkbərov törətdiyi günahsız faciə qarşısında sanki didilir, mənliyi parçalanır… Aktyor Cavanşıirin bu keyfiyyətlərini yüksək bədiilik və emosionallıqla yaratdığından tamaşaçıların hissinə, şüuruna, fəal surətdə müdaxilə edirdi” (M. Allahverdiyev).

1957-ci ilin noyabr ayında teatr Moskvada keçirilən Ümu­mit­tifaq teatr festivalında “Cavanşir” pyesi tamaşacılara göstərildi və Ə. Ələk­bərov Cavanşir obrazına görə Ümumittifaq teatr festivalının lau­rea­tı oldu. Moskva tamaşacıları tərəfindən böyük rəğbətlə qarşı­la­nan bu tamaşadan sonra Y. Zavadski, N. Hikmət, V. Komissar­jev­ski Ə. Ələk­bərovu təbrik edərək onu dövrün ən böyük faciə aktyoru adlan­dır­dılar.

  1. Komissarjevski “Pravda” qəzetində (03.12.1957) yazır ki; “Ələkbərovun Cavanşir rolundakı son dərəcə təmkinli və sərt ifası onun bizim səhnəmizin ən yaxşı faciə aktyorları sırasına çıxarmaq üçün kifayətdir”.

Tamaşa bitdikdən sonra böyük türk şairi N. Hikmət səhnə ar­xasına gəlib, Ə. Ələkbərovu təbrik edərək, qucaqlayıb dedi; “Ələs­gər qardaş, sizin yaratdığınız Cavanşir obrazı qorxmaz bir sərkərdə, zəkalı dövlət başçısı olmaqla bərabər, qartal kimi cəsurdur” (M. Allahverdiyev). Sonra N. Hikmət “Teatr” jurnalında (1958, № 1, s.100) yazırdı; “Bu tamaşada baş rolu ifa edən Ə. Ələkbərov öz sənətkarlığı ilə məni sevindirdi”.

1961-ci ildə M. Hüseyn “Alov” pyesini qələmə aldı və bu əsəri Ə. Ələkbərova ithaf etdi. Müəllif yazırdı: “Səhnəmizin böyük sənətkarı, dostum Ə. Ələkbərova ithaf edirəm”.

1961-ci il oktyabr ayının 28-də Mehdi Məmmədovun quru­lu­şunda “Alov” pyesi tamaşaya qoyuldu və müstəntiq Fərhad Kama­lov obrazına Ələsgər Ələkbərov səhnə həyatı verdi.

Ə. Ələkbərov müstəntiq Kamalov kimi qayğıkeş, vətənpərvər, hər zaman ədalətin keşiyində duran gözəl bir insan obrazı yaratdı. Onun Fərhad Kamalovu daim böyük arzularla yaşayan dövlət keşikçisi idi.

“Fərhad-Ələk­bə­rov rəhimdil olduğu kimi, amansız olmağı da bacarırdı. O, həqi­qəti, ədaləti, qanunu hər şeydən uca tuturdu. Həm də qanun onun üçün özünün vicdan tələbi, vətəndaşlıq borcu idi. O, düzlük və əda­lət yo­lunda məslək uğrunda vuruşan kimi vuruşurdu. Bu yoldakı fəda­kar­lıq Ə. Ələkbərovun obrazının şah damarını təşkil edirdi” (M. Məmmədov).

Ə. Ələkbərovun ifa etdiyi Ka­ma­lov sakit təbiətə malik ağıllı insan idi. O, vəzifəsini icra edərkən heç vaxt hissə qapılmırdı, həmişə qəlbinin səsinə qulaq asırdı.

“Ələkbərov … Fərhad Kamalovu dolğun bir xarakter kimi tamaşaçılara sevdirir, onu öz qəlbinin hərarəti və yaradıcı müna­sibəti ilə ta­mamlayırdı” (M. Allahverdiyev).

SSRİ xalq artisti Ə. Ələkbərovun yaratdığı dolğun müstəntiq obrazı müxtəlif çətinliklərə dözməsinə baxmayaraq, həqiqəti üzə çı­xarmağa çalışan, namus mücəssiməsidir. O, Calal Qaşqay və Rəfirə Rəhimli ilə söhbətində nə qədər səmimi idisə, Əmin Bəxtiyavovla söhbətində amansız idi.

“Fərhad-Ələkbərov ciddi, təmkinli və müdrik idi. Kamalovun səhnə surəti bu ifada, eyni zamanda, bir qədər də ülviləşirdi, möhtəşəmlik kəşf edirdi… İnsanın əxlaqi gözəl­liyi üçün mübarizədə hər hansı fədakarlığa hazır olan və cəmiyyətə yad, saxta, rəzil adamlar üzərində qələbə çalan bir qəhrəmanın mə­nəvi ülviyyətini Ələkbərov daxilən, ruhən duyur və yaşayırdı” (C. Cəfərov).

Ə. Ələkbərov Fərhadın mənəviyyatındakı zənginliyi tamaşaçı­ya xarakter cizgilərlə göstərirdi. Ə. Ələkbərovun Kamalovu huma­nist insan idi.

Kamalov-Ələkbərov həqiqəti tapmaq üçün çox həyacan keçi­rirdi, narahat olurdu. Ələkbərovun müstəntiqi daim Bəxtiyarovu ifşa edən bir insan idi.

“Bu surəti Ə. Ələkbərov böyük ustalıqla ifa edirdi. Fərhad Kamalov amansız olduğu qədər də insanpərvərdir, cəza verəndə çox sağalmaz yaralara məlhəm qoyan təbibi xatırladır” (L. Bədirbəyli).

Fərhad-Ələkbərov əsl məqsədi tapmaq üçün əlindən gələni əsirgəmirdi. O, Bəxtiyarovu ifşa edərkən qəzəblənirdi. Bütün bu pro­sesləri cilovlayan Fərhad Kamalov-Ələkbərov həqiqəti axtarma­ğa çalışırdı.

Ə. Ələkbərovun yaratdığı Fərhad Kamalov öz mənəviyyatını qoruyan müstəntiq kimi yaddaşlara həkk olundu. Onun ifa etdiyi bu obraz bütöv xarakterə malik idi.

 

İmran AXUNDOV,

fəlsəfə doktoru