Əhmədzadənin işçilərindən Ağstafada varlı-kasıb ayrıseçkiliyi… – “Budur fermerə, kəndliyə qayğı?”

147

“İki il əvvəl mətbuata şikayət etdik, su problemimiz işıqlandırıldı, həllini tapdı. Bu il yenə susuz qalmışıq. Yenə yonca sahələrimiz yanır. Rayondakı Suvarma İdarəsi mənim sahəmin yanıından keçir, aralarında 20 metr məsafə yoxdur, su o kanaldan yönləndirilir, mənim sahəmdən o tərəfə əkilmiş hansısa varlının ağacları, yoncası suvarılır, bimirəm”. Diz.az-ın məlumatına görə, Ağstafanın Xətai kənd sakini İlqar Mustafayev belə deyir.

İlqar Mustafayev bildirir ki, illərdir kənddə suvarma problemi var. Daha doğrusu, kənddə suvarma üçün su var, ancaq gəlib sadə kəndlinin əkin sahəsinə çatmır. Səbəb imkanlı şəxslərin Suvarma İdarəsinə görüm-baxım edib, suyun səmtini öz sahələrinə yönləndirmələridir. Onun deməsinə görə, 2018-ci ilin avqustunda kənd sakinləri mətbuata şikayət etdikdən sonra problem həllini tapıbmış. Ancaq bir müddətdir ki, sadə kəndlilərin əkin sahələri yenə susuz qalıb: “Bununla neçənci dəfədir ki, əkdiyim yonca gözümün qarşısında məhv olur, 1 aydır yenə suyu kəsiblər deyə, sahədə quruma prosesi gedir. Kanaldan bir az kənardakı ağaclıq, ondan o tərəfə də taxıl sahəsi var. Bu sahələr əvvəllər Su İdarəsində işləmiş, indi də idarə ilə möhkəm bağları olan Ələsgər adlı şəxsə məxsusdur. Kanalın suyu həmin ağaclığa və taxıl sahəsinə axıdılır. Kanala tərəf gələndə mənim yonca sahəmdir, günbəgün quruyub əldən gedir”.

İlqar Mustafayev deyir, 5 hektar ərazidə əkdiyi yonca ilə həm heyvanlarını saxlayır: “Yonca presinin biri 7 manatdır, mal-qaraya alıb çatdırmaq olmur. Varlı taxıl əkib satır, biz də yonca əkib həm heyvanlarımıza yem tədarükü görürük, həm də satıb ailəmizi dolandırırıq. Ölkənin başçısı məmura tapşırır ki, kəndliyə şərait yarat, inəyini saxlasın, qoyununu otarsın, taxlını, yoncasını əksin. Məmurlarsa acgözlük edir, istəyirlər ki, hər şey onlara qalsın, taxıl da, yonca da, su da, torpaq da, heyvan da…. Əkin vaxtı çatır, texnika, gübrə, su eyni adamlara verilir, suvarma vaxtı çatır, kanalın suyu eyni adamların sahəsinə axıdılır, biçin vaxtı çatır, texnika eyni adamların sahəsində çalışır. Bizim kimi kasıblar da acından qırılır. Sonra da deyirlər, torpağın var, ünvanlı sosial yardım düşmür, torpağın var, 190 manat düşmür… 5-10 sot torpağı atıblar kəndlinin qabağına ki, dövlətdən heç nə istəməsin, imtina eləmək üçün əllərində bəhanə olsun. Kəndli torpaq yeyib dolanası deyil ki… Su versin, texnika versin, bərabər imkanlar yaratsın, kəndli də ac qalmasın. Mənim bu il də sahədən yonca götürə bilməməyim bu il də ailəlikcə çörəksiz qalmağım deməkdir. O yonca olmasa, heyvandarlıqla da məşğul ola bilməyəcəm, heyvanlarımı dəyər-dəyməzinə satmalı olacam ki, acından ölməsinlər. Budur fermerə, kəndliyə qayğı?”

İlqar Mustafayev hər gün yonca sahəsi ilə 10-15 metr aralıdakı su kanalının arasında vurnuxur. Bir gözü su kanalından varlıların torpaqlarına axıb gedən suda, bir gözü günbəgün tələf olan yoncada qalıb. Çarə tapmır ki, tapmır… Deyir, kənddə əkin sahəsi məhv olan təkcə o deyil, xeyli əkinçi əlini hektarlarla sahədən üzüb. Taxılı, tərəvəzi yanan kim, heyvanları yemsiz, susuz qalan kim…