Əhmədiyyə Cəbrayılov… İki ölkənin qəhrəmanı

600
Neyruz, İordaniya
25.12.2020

Müəllif: Ömər əl-Armuti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci avqustun 11-də Azərbaycan xalqının igid oğlu, faşizmə qarşı müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Yüzlərlə qəhrəman azərbaycanlı Avropada faşizmə qarşı müqavimət hərəkatının məşhur nümayəndələrindən hesab edilirlər. Bu Avropa dövlətlərində həmin Azərbaycan övladlarının igidlikləri indi də yad edilir, xatırlanır.

Fransa Müqavimət Hərəkatında partizanlıq etmiş, “Xarqo”, “Fraji”, “Qoçaq”, “Armed Mişel” ləqəblərilə tanınmış Əhmədiyyə Cəbrayılov da bu mənada çox sevilən məşhur şəxslərdəndir. O, 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində doğulub. Müharibə Əhmədiyyənin həyatına güclü qasırğa kimi daxil olub. Onun atası və iki qardaşı cəbhədə qəhrəmanlıqla həlak olublar. Ailə başsız qalıb. Anası və bacısı bütün ümidlərini Əhmədiyyəyə bağlasalar da, o, doğmalarının qisasını almaq, Vətənin dar günündə onun müdafiəsində dayanmaq üçün könüllü olaraq cəbhəyə yollanıb.

Əhmədiyyə ilk hərbi xidmətinə 48-ci atıcı polkunda kiçik siyasi rəhbər kimi başlayıb. Həmin vaxtda Rostov, Lozovaya, İzyum şəhərləri uğrunda ağır döyüşlər gedirdi. Faşistlər bu şəhərlərin ələ keçirilməsinə strateji əhəmiyyət verirdilər. Döyüşçülər şücaətlə vuruşur, cəbhənin bu istiamətində tanklarının olmamasına rəğmən, faşistlərin zirehli texnikasının hücumlarını cəsarətlə dəf edirdilər. Əhmədiyyənin döyüşdüyü batalyon yeni mövqedə möhkəmlənmişdi. Qanlı və qeyri-bərabər döyüşdə Cəbrayılov ağır yaralanır. Huşunu itirmiş döyüşçü əsir düşür: 4167 nömrəli əsir.

Əhmədiyyə həbs düşərgələrində vəhşiliklərə məruz qalır. O, əsirlikdən qaçmağa bir neçə dəfə cəhd etsə də, hər dəfə cəhdi uğursuz alınır. Artıq Əhmədiyyə Fransa torpağında faşistləri məhv edən partizan hərəkatına qoşulmağın, gizli təşkilatlarla əlaqə yaratmağın yollarını axtarırdı. Ona bu yolda partizanların rabitəçisi kimi gizli fəaliyyət göstərən Janna adlı fransız qadın kömək edir. Əhmədiyyənin əsirlikdən xilası planını məhz Janna hazırlayır. Əvvəlcə Əhmədiyyəni evində gizlədərək sağaldan qadın sonradan onun partizan dəstəsinə qoşulmasını təşkil edir.

Əhmədiyyə dəstədə cəsarətlə döyüşür. Ona elə gəlirdi ki, Rodezdə işğalçılarla döyüşərək Fransanın azadlığını qoruyarkən, uzaq düşdüyü doğma Vətəni Azərbaycanı da müdafiə edir. Əhmədiyyə faşistlərin silah anbarlarına od vurur, körpüləri, dəmir yollarını partladır, yüzlərlə düşməni məhv edir.

Növbəti əməliyyat böyük əhəmiyyətə malik körpünün partladılması olur. Bu zaman almanlar partizanları təqib etməyə başlayır. Əhmədiyyə atəşlə düşməni dayandıraraq, yoldaşlarının geri çəkilməsinə imkan yaradır. Başqa bir əməliyyat zamanı da Əhmədiyyə həyatını təhlükəyə ataraq faşistlərin böyük benzin anbarını partladır və beləliklə, onları uzun müddət yanacaqsız qoyur. Növbəti əməliyyatların birində 500 fransalı uşağın, həmçinin bir çox yaşlı adamın Almaniyaya əsir aparılmasının qarşısını alır. Əhmədiyyə döyüş dostları ilə birlikdə Bordo şəhərində cəsarətli əməliyyat apararaq hitlerçilərin qərargahını ələ keçirir.

Alman feldfebeli forması geyərək daha bir təhlükəli əməliyyatı uğurla həyata keçirən Əhmədiyyə partizan yoldaşları ilə birlikdə düşmənin hərbi texnika və əsgərlərlə dolu qatarını məhv edir. Lakin əməliyyat zamanı yaralanır. Bu zaman almanlar onu özlərininki hesab edərək müalicə olunması üçün hospitala yerləşdirir. Əhmədiyyə ayılanda alman hospitalında olduğunu anlayır. Amma o, çətinliklə də olsa, partizanların yanına qayıda bilir.

Əhmədiyyə Cəbrayılovun çoxsaylı əməliyyatlarını araşdıran faşistlər onun başına 10 min alman markası məbləğində mükafat təyin edirlər.

Beləliklə, 24 yaşlı gənc azərbaycanlı Əhmədiyyə Fransa Müqavimət Hərəkatında təcrübəli casus kimi yetişir, cəsur hərbçi, partizan kimi fransızların sevimlisinə çevrilir.

Müharibə Qələbə ilə başa çatır. Əhmədiyyə vətəni Azərbaycana yola düşməzdən əvvəl general Şarl De Qoll tərəfindən qəbul edilir. General ona əsgəri igidliyinə görə təşəkkürünü bildirir, yüksək mükafat – hərbi paradlarda generallardan irəlidə getmək hüququ verən “Hərbi igidliyə görə” medalını Əhmədiyyəyə təqdim edir.

Sonralar Fransa prezidenti olan general Şarl De Qoll 1966-cı ildə Sovet İttifaqına rəsmi səfərə yollanır. Bu zaman o, hakimiyyət orqanlarından səfər proqramına daha bir görüşün salınmasını istəyir – prezident döyüş yoldaşı, artıq Şəki rayonunun Oxud kəndindəki kolxozda aqronom işləyən Əhmədiyyə Cəbryılovla görüşmək istəyir. Məhz bu tarixi görüşdən sonra Əhmədiyyə ikinci vətəni saydığı Fransa ilə, döyüşçü dostları ilə əlaqələri bərpa edir.

Ömrünün sonunadək Əhmədiyyənin yanına xarici ölkələrdən qonaqlar gəlirmiş. Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da yol qəzasında həlak olub.

Beləliklə, Azərbaycan xalqının igid oğlu Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxulu faşizm təhlükəsindən xilas edilməsinə, nasizm üzərində qələbə qazanılmasına böyük töhfələr verərək, cəsur döyüş yolu keçib.

Əhmədiyyə Cəbrayılovun kəşfiyyat-təxribat əməliyyatları zamanı göstərdiyi misilsiz şücaətləri yüksək qiymətləndirilib və o, Fransa dövlətinin yüksək orden və medalları ilə təltif edilib. Əhmədiyyə Cəbrayılov Fransanın “Milli Legion”, “Hərbi xaç”, “Döyüşçü xaçı” ordenlərinə layiq görülüb. Müqavimət hərəkatının iştirakçısı kimi Ə.Cəbrayılovun xatirəsi əbədiləşdirilib.

Maraqlıdır ki, oğlu Mikayıl Cəbrayılov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.

(Ərəb dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Neyruz