“Əhalinin təbii artımı azalır” – SAMİR ƏLİYEV

144

“Ölüm hallarının artımını pandemiya ilə əlaqələndirmək olar, ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil”

“Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azalıb. 2019-ci ilin ilk 4 ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, doğumun azalması fonunda ölüm halları 1,9 faiz artıb: “Əvvəlki illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub. Ölüm hallarının artımını pandemiya ilə əlaqələndirmək olar, ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil. Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Bəs bu azalma nə ilə bağlıdır? Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42 faiz azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirini (məsələn, toyların təxirə salınması) gələn ilin əvvəllərində görə biləcəyik. Ən azı nikahların 25 faiz azalması bunu deməyə əsas verir. Məlumat üçün bildirim ki, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Balansın oğlanların xeyrinə pozulması da gələcək üçün başqa bir böhrandır. Şad xəbər budur ki, boşanmalar 23 faiz azalıb”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org