Ev Ölkə Əhalinin nəzərinə! Qaz sayğacları YOXLANILACAQ

Əhalinin nəzərinə! Qaz sayğacları YOXLANILACAQ

99

Enerji Məsələlərini Tənzimləmə Agentliyi qaz sayğaclarının dövlət yoxlanılmasının monitorinqinə başlayıb.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-dan etibarən “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində qaz sayğaclarının dövlət yoxlanılmasını həyata keçirən mühəndislərin işi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri tərəfindən monitorinq edilir. Energetika Nazirliyinin müvafiq əmri ilə monitorinqlərin aparılması məqsədilə Nazirlik, Agentlik və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən monitorinqin aparılmasında məqsəd “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentinin nəzdində fəaliyyət göstərən “Sayğacların müayinəsi laboratoriyası”nın “Sayğacların ekspertizası şöbəsi”nin və “Sayğacların təmiri və xidmət sahəsi”nin işinin daha aşkar şəkildə təşkil edilməsidir.

Onun sözlərinə görə, Agentlik energetika sahəsində vətəndaşların hüquqlarının va qanuni mənafelərinin qorunması üçün sayğacların sınağı, onlara texniki baxışın keçirilməsi, istismar vəziyyətinin yoxlanılmasında iştirak edir və bu nəticələrin obyektiv qiymətləndirilməsi və sənədləşdirilməsini aparır. O deyib ki, monitorinq prosesi zamanı şəffaflığın qorunması məqsədilə, Agentliyin mütəxəssisləri laboratoriya otaqlarına sərbəst daxil olur,  yoxlamanın bütün mərhələlərində məhdudiyyət olmadan monitorinq aparır. Monitorinq vətəndaşların hüquqlarının qorunması baxımından da əhəmiyyət daşıyır.

P.Əliyev vurğulayıb ki, monitorinq qaz təchizatı prosesində istehlakçıların hüquqlarının qorunması, və daha əvvəl də qeyd etdiyim kimi, şəffaflığın artırılması məqsədilə aparılır. Ən əsası isə istehlakçı öz arzusu ilə sayğacların dövlət yoxlanılmasını həyata keçirən laboratoriyaya gələrək prosesdə iştirak edə bilir. Bu monitorinqlərin mərkəzində istehlakçı məmnuniyyəti dayanır.

Agentlik istehlakçı məmnuniyyətini artırmaq üçün qaz təchizatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə nəzarət edir, istehlakçılardan daxil olan müraciət və şikayətlərə vaxtında baxır və mütəmadi olaraq bu barədə ictimaiyyəti məlumatlandırır. \\BAKU.WS