Əhali marketlərə axışdı – 48 saat üçün nə “tədarük” edilir?

111

Sərt karantin rejiminin tətbiq olunması vətəndaşları şənbə və bazar günlərinə tədarük görməyə vadar etdi

Həftəsonu sərt karantin rejimi və küçəyə çıxmaq qadağası tətbiq olunacağı xəbəri iyunun 4-dən marketlərdə ajiotaja səbəb olub. Bir gün qabaq Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə xəbərdarlığı, cümə, şənbə və bazar günləri  üçün ərzaq tədarükü görməyə çağırması insanları hərəkətləndirib.

Bir neçə marketə baş çəkib müşahidələr apararkən vətəndaşların gedişatdan xəbərdar olduqlarını, istehlakçıların mağazalara axışdığını gördük.

İnsanlar sərt karantin rejiminin ilk vaxtlarında olduğu kimi, yenə marketlərə axışaraq həftə sonuna bazarlıq etməyə başlayıblar.

Ancaq bu dəfə mənzərə fərqli idi: sərt karantin rejiminin uzunmüddətli olmayacağını və bazar ertəsi yenidən həyatın əvvəlki tempinə qayıdacağını düşünən adamlar həftəsonu üçün ən zəruri ərzaq məhsulları almağa üstünlük verirdilər. Bununla belə, marketlərdə ajiotajın iyunun 5-i axşamadək olacağı gözlənilir.

Çünki rəsmi qərara əsasən, həftəsonu fəaliyyətinə qadağa qoyulan xidmət sahələri sırasında marketlər də var.

Bu da insanların dərhal marketlərə axın etməsinə səbəb olub. Müştərilər daha çox makaron, düyü, toyuq, çay, ağartı məhsulları alırdılar. Satıcılar deyirlər ki, əsas problem çörəklə bağlı olacaq. Çünki gündəlik yeyilən və hər gün təzəsi alınan yeganə qida çörəkdir. Çörəkbişirmə sexlərinin işləməməsi və marketlərin bağlanması ciddi problem yaradacaq. Satıcılar bildirirdilər ki, marketlərdə iyunun 5-də səhər saatlarında daha çox sıxlıq, basabas müşahidə ediləcək.

Onu da deyək ki, marketlərdə əvvəlki kimi dezinfeksiyaedici məhlullara rast gəlinmir. Karantinin sərt dövründə marketlərin girişində dayanan işçilər müştərilərin əllərini spirtləyirdi, səbətlər tez-tez dezinfeksiya olunurdu, kassirlər qoruyucu maskalar taxırdılar.

Amma bir çox marketlərdə bu qabaqlayıcı tədbirlər görülmür. Eyni zamanda sosial məsafənin gözlənilmədiyini də müşahidə etdik. Marketlərə daxil olan müştərilərin əksəriyyəti maska taxmır, kassa önündə sosial məsafəni gözləmirdi. İnsanların elə bu arxayınlığının nəticəsidir ki, məcburiyyət qarşısında həftəsonu sərt karantinə qayıtmağa qərar verildi.

Xatırladaq ki, Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir.

Bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır. Eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq./“Yeni Müsavat”/