“Əgər bir şəxsin 49 mənzili varsa, o, nə üçün bu günə qədər vergilərə cəlb edilməyib?” – SƏRDAR CƏLALOĞLU

42

“Kroronavirusdan sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görülməlidir”

“Necə olur ki, xalqın az qala yarısı evsiz olduğu halda, bir adamın 49 mənzili olur?”

Koronavirus təhlükəsi fonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşlı, aztəminatlı, işsiz şəxslərə yardımlarını davam etdirir. Hansı ki, bu yardımlar cəmiyyətdə məmnunluqla qarşılanmaqdadır. Lakin təəssüflər olsun ki, nazirliyə yardım xahişi ilə müraciət edənlərin arasında kifayət qədər maddi imkana malik olan şəxslər də var ki, onların əsasız müraciəti nazirliyin fəaliyyətində əlavə çətinlik yaratmaqdadır. Bu günlərdə nazirlik rəsmi verdiyi açıqlamada 3 ayda 10 min manat məbləğində gəlir əldə edən 3 mindən çox şəxsin, habelə adında 49 mənzil olan şəxsin də yardım üçün müraciət etdiyini vurğuladı ki, bu da dövlətin etibarından sui-istifadə edənlərin sayının kifayət qədər çox olduğunu göstərir.

Bəs dövlətin etibarından sui-istifadə edən, öz maddi durumu haqqında yanlış məlumat verən, bu cür yalan məlumatlarla yardım mexanizminin çevikliyini azaldan, başqa insanların haqqına girməyə cəhd edən şəxslərin cəzalandırılması, onlar haqqında hüquqi cəza tədbirlərinin tətbiqi mümkündürmü?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu onların cəzalandırılmasının vacibliyini qeyd etməklə yanaşı, dövlət qurumlarının da bəzi məqamlara diqqət yetirməsinin vacibliyini söylədi:

“Qanunda qeyd olunur ki, qeyri-qanuni yollarla, hüquqi əsas olmadan yardım əldə etmək cinayətdir. Lakin burada bəzi məqamlar var. Əgər bir şəxsin 49 mənzili varsa, o, nə üçün bu günə qədər vergilərə cəlb edilməyib? Əgər bir şəxsin 49 mənzili varsa, o, bu mənzillərə görə dövlətə ödəniş etməlidir. Bunları kirayə veribsə, yenə də buna görə dövlətə pul ödəməsi lazımdır. Bəs bu pulu ödəyirmi? Vergidən yayınma halına yol veribmi? Bunlara aydınlıq gətirmək lazımdır.

Bu kimi məsələlərdə həm fərdi, həm də dövləti məsuliyyət var. İnsanlarımızın az qala yarısının evi yoxdur. Amma bir nəfərin 49 mənzili var.

Məsələn, bu günə qədər Azərbaycadna işsiz olmadığı deyilirdi. Lakin indi bir milyon insana işsizdir deyə yardım edilir. Əslində, doğrudan da bunlar işsizdir.

Statistikanın məlumatlarının aldadıcı olduğu vurğulanır. Əgər statistika, onun təqdim etdiyi məlumatlar yanlışdırsa, o zaman həmin qurumla bağlı lazımi addımlar atılmalıdır.

Kroronavirusdan sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Onları cərimələmək, lazımdırsa həbs etmək lazımdır. Həmçinin, sosial problemləri gizlədilməsi hallarına dason qoymaq lazımdır”.