Əflatun Amaşov hər zaman jurnalistləri qoruyub

174

Prezidentin ictimai-siyasi sahədə  islahatlara son altı ayda daha çox diqqət yetirməsi kadr dəyişikliklərində özünü göstərir. Tutduğu yüksək prezident köməkçisi  postundan şəxsi mənafe  , qohum-qardaş maraqlarının təmin edilməsi  amacı ilə yararlandığını gizlətməyən Əli Həsənovun ardınca Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun  (KİVDF ) icraçı direktoru Vüqar Səfərlinin və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin görəvlərindən alınmaları bir çox qələm yiyələrinin “sandıqlarının açılması” ilə sonuclanıb. Bunlarda işimiz yoxdur , təbii prosesdir və haqsızlığa uğrayanlar öz sözlərini deməlidir. Rahatsızlıq doğuran, eldə deyildiyi kimi, qurunun oduna yaşın da yandırılmasıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun peşəkar jurnalist olmasını və jurnalistlərin qurultayında sözügedən Şuraya sədr seçilməsini, kim bilməsə də, jurnalist toplumu çox yaxşı bilir. İndi yeri gəlmədiyi halda onun peşəkarlığına çamur atmaq,  tutduğu görəvin öhdəsindən gələ bilmədiyini vurğulamaq,  ən azı,  insafsızlıqdır. Ürəyimin səsi ilə deyirəm :Əflatun Amaşov hər çağ jurnalistlərin yanında olub!  Şura sədri kimi də, millət vəkili olaraq da. Şəxsən bu sətirlərin yazarının bir telefon zəngini belə cavabsız qoymayıb. Özünüz deyin,  indi elə bir yüksək post tutan məmur,  millət vəkili varmı adi bir əlilin, jurnalistin telefonunu qaldırsın? Çağında pis -yaxşı ilişgimiz olan  “müxalifətçi hüquq müdafiəçisi”   deputat olandan sonra, nəinki telefonumu,  hətta özümü də tanımadı! (?) Əflatun bəy isə ona aid olmayan problemlərin çözülməsi üçün digər deputat yoldaşlarına da üz tutmaqdan çəkinmədi. Özü də bircə telefon zəngimlə-diləyimlə.  Mənzil yiyəsi olmağım üçün də hələ KİVDF yaranmamışdan qabaq və sonra da əlindən gələn məktubları əsirgəməyib. İndi nə edək ki, ucuz ətin şorbası olmadığı kimi, pulsuz mənzilin də qapılarının hündürü olmur, elə alçaq olur ki, əyilməsən, keçə bilmirsən . Bir mənzildən ötrü əyilib ikiqat olmaqsa bizlik deyil. Biz başımızı dik tutanlardanıq,  mənzilə girəndə də.  Belə bir şəxsiyyətin, el, millət adamının indi yeri gəlmədiyi halda çamura uğradılması anlaşılan deyil.

Özəlliklə,  mənim boynumda bu kişinin haqqı var , mənəvi arxa -dayağım olduğundan  dost – arxadaş sayıram. Ən başlıcası,  haqsızlığa dözmək olmur.  Obyektiv qınaqdan heç kim inciməz, nədən dostlara gərəkir. Amma qınaq adına çamur atmaq  başucalığı yox,  gözükölgəlik gətirər.

Məğrur BƏDƏLSOY