Əbədiləşən qəhrəmanlıq əfsanəsi…

375

“Cəlilabad qartalı” Siyahim Dəmirovu şəhadətə aparan yol…

…Onun haqqında yazmaq mənim üçün məsuliyyətli olduğu qədər, həm də  çətin və qürurverici bir işdir.

Sizə təqdim edəcəyim bu şəxslə məni bir sıra ortaq cəhətlər birləşdirir. Biz eyni kənddə – doğma Əlinəzərli kəndində dünyaya göz açmışıq. Yaxın qohum olmaqla bərabər, eyni adlı il və eyni adlı bürc altında doğulmuşuq. Xarakterik xüsusiyyətlərimiz, daxili dünyamız və arzularımız da tamamilə uyğun gəlir bu gözəl insanla…

Vətən qarşısında xüsusi xidmətləri olan, öz qəhrəmanlığı ilə dastan yazan bir insanın həyatını, keçdiyi şərəfli ömür yolunu qısa bir yazıda oxuculara təqdim etmək olduqca mürəkkəb bir məsələdir.

Beləliklə, müqəddəs şəhidlərimiz haqqında ardıcıl yazılarımın növbəti qəhrəmanı, şəxsən tanıdığım və xətrini qardaşım qədər istədiyim, doğma elimin igid oğlu Siyahim Əlizamin oğlu Dəmirov olacaq.

Tanrı ona bütün insani keyfiyyətləri özündə yaşadan saf ürək, dünyanın misilsiz gözəlliklərini dərk etməyə qadir, mükəmməl bir zəka və milli dəyərləri vicudunda cəmləyən təmiz bir ruh vermişdi! Tanrı onu qüsursuz bir qəhrəman, xüsusi qabiliyyət sahibi kimi yaratmışdı! Heç şübhəsiz ki, onu əfsanəyə çevirən ən önəmli faktor isə həqiqət ilə xəyalın  ilahi vəhdəti idi!

Siyahim Əlizamin oğlu Dəmirov 13 sentyabr 1990-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 1997-ci ildə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək, məzun adına layıq görülmüşdür. O, hələ uşaqlıq illərindən, orta məktəbdə oxuduğu zamanlardan, həmyaşıdlarından fərqlənir, qeyri-adı xüsusiyyətləri ilə digərlərindən seçilirdi. Üzüyola, səmimi və zarafatcıl olması, onu hər kəsin sevimlisinə çevrilmişdi. Qoçaq, ədalətli və mərdanə davranışları isə, özündən yaşca böyüklərdə xüsusi maraq yaradır və onunla dostluq etmələrinə yol açırdı. Bütün bunlardan ən önəmlisi isə, onun mühafizəkar bir  xarakter sahibi olması idi. Sinif yoldaşlarının və müəllimlərinin dediklərindən məlum olur ki, Siyahim şagird yoldaşlarını, xüsusən də, qızları müdafiə edər, onlara nəzarət edər, qoruyardı. Müəllimləri, sinif yoldaşları, dostları, qohumları və  hər kəs ona etibar edər, ona güvənərdi!

O, həm də, körpə yaşlarından idmanla da məşgul olurdu. Çox güclü güləşçi idi. Lakin yarışların birində ona qarşı edilən haqsızlığa dözməyib güləşdən uzaqlaşmış, çoxsaylı dəvətlərə baxmayaraq, bir daha geri dönməmişdir. O, bu addımı atmaqla, kiçik ürəyində haqsızlığa, ədalətsizliyə qarşı böyük üsyan etmişdi…

Bu yaxınlarda şəhid qardaşım Siyahimin doğulub, boya-başa çatdığı evdə qonaq oldum. Səmimi, qonaqpərvər və olduqca mehriban olan ailə üzvləri məni xoş qarşıladı və bir neçə saat səmimi söhbət etdik.

Şəhid ailəsi – qürurlu olduğu qədər də, hüznlü, matəmə bürünmüş bir ailə… Yenə eyni kədərli baxışlar, yenə bənzər nisgil, yenə də oxşar intizar… Yenə də eyni dərd yükünü daşıyan qubar dolu ürəklərin pıçıltısı… Yenə də bir-birinə çox bənzər tale yaşayan ailələrin mənə qarşı olan isti münasibəti…

Şəhid valideynləri ilə ünsiyyət mənim üçün fəxarət olduğu qədər də, çox ağırdır. Şəxsən mənə görə xalq yolunda, dövlət uğrunda övlad itirmiş şəxsləri tanımaq, onlarla həmsöhbət olmaq böyük bir nemətdir!

Şəhidimizin anası, Siyahim kimi cəngavər oğul böyütmüş Pəri Dəmirovadır. Övlad həsrəti, oğul nisgili açıq-aşkar şəkildə gözlərində görünən şəhid anası ilə uz-üzə qaldığım o anları söz ilə ifadə etməyə çox çətinlik çəkirəm…

Anamız deyir ki, o, hələ uşaqlıqdan ürəyində mənfur düşmənlərimizə qarşı kin, nifrət bəsləyər, böyüyəndə hərbçi olmağı və düşməndən qisas almağı arzulayardı.

Pəri xanım övladı barəsində fikir bildirdikcə, şəhidimizi yenidən kəşf edir, onun elə uşaqlıqdan qəhrəman kimi böyüdüyü qənaətinə gəlirdim.

Pəri anam mənə Siyahimin uşaqlıq illərindən bu yana, bütün həyatını danışdıqca, qəhrəmanımız fərqli bir obrazda gözümdə daha da yüksəklərə ucalırdı.

Şəhid ailəsində daha bir maraqlı məqama da şahid oldum. Ailə üzvlərinin dediyinə görə, günlərin bir günü, bizim çılğın “Sakan” (Onu belə çağırırdıq – müəl.) özünə üzərində “P” hərfi yazılmış köynək alır. Bəli, o, bunu sırf anasına məhəbbətini, rəğbətini və sevgisini bildirmək üçün edir. Axı, bu köynəkdə anasının adının baş hərfi yazılmışdı…

Xidmətdə olduğu vaxtlarda hər gün evə zəng edər, ən çox anası ilə danışardı! Onda anasına qarşı çox güclü istək, ilahi bir məhəbbət vardı! Şəhidimizin atası Əlizamin Dəmirovla da oğlunun keçdiyi şərəfli həyat yolu barəsində xeyli söhbət etdim. O bildirdi ki, Siyahim ailəmizdə böyüyən 3 uşaqdan biri, ortancıl olanı idi. Onun Bəhruz adlı özündən yaşca böyük bir qardaşı  və Tamara adlı özündən yaşca kiçik bir bacısı var.  Onlar da qardaşlarının yoxluğu ilə barışmır, həmişə olduğu kimi, yenə də, səbrsizliklə onun yolunu gözləyir və nə vaxtsa təkrar qayıtması ümidi ilə yaşayırlar… Şəhid olan günə qədər Siyahimin üzündən gülüş əskik olmadı! O, zarafatından qalmadan, gülə-gülə, ölümə meydan oxuyaraq – əsl kişi kimi müqəddəs mərtəbəyə yüksəldi!

Əlizamin Dəmirov deyir: “Siyahim bir gün mənə dedi ki, ata, oğlun Mübariz İbrahimov kimi bir qəhrəmandır, mənimlə fəxr edə bilərsən! Mənim kimi oğullar çoxdur! Qorxma, ata, Qələbə bizimdir! Ata, mən şəhidlərimizin, günahsız qətlə yetirilmiş körpələrimizin qanını artıqlaması ilə almışam, xalqımız rahar ola bilər!…

O,0 heç zaman unutmayacağım daha bir söz də demişdi mənə: “Ata, mən də şəhid ola bilərəm, bunu indidən qəbul et. O zaman təmkinli ol, oğlunu layiq olduğu hörmətlə qarşıla və yola sal! Sənə dediklərim barədə anama heç nə bildirmə! Anamın yanında ol, onu tək qoyma”.

Çox keçmədi ki, onun dedikləri öz yerini aldı!

Həmişə qürurla sinəsində gəzdirdiyi üçrəngli, müqəddəs bayrağımızı Şuşa şəhərində dalğalandırmaq onun ən böyük arzusu idi!

Şəhid atası daha sonra qeyd etdi ki, Siyahim kənddə böyümüş uşaq olduğundan, təbiətə, insanlara, hətta, heyvanlara belə çox bağlı idi. Yoldaşları ilə meşədə saatlarla at çapar, qoyun-quzu otarar və su hövzələrində çimməyə gedərdi. Uşaqlıqdan üzgüçülüyə xüsusi bir marağı, həvəsi vardı…

…Siyahim Dəmirov orta məktəbi qurtardıqdan sonra, 2009-cu ilin aprel ayında Vətənə olan borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanır. “N” saylı hərbi hissədə Vətəninə, dövlətinə ləyaqətlə xidmət etmiş və 2010-cu ilin oktyabr ayında ordu sıralarından tərxis olunmuşdur.

Bir müddət, təxminən 2-3 il idman etməklə bərabər müxtəlif işlərdə çalışmış, halal zəhmətlə qazandığı məvaciblə ailəsinə kömək etmişdir.

Çox keçməmiş, Siyahimin həyatında yeni bir səhifə açılır. O, 2013-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olur, topçu və top komandiri kimi yenidən xidmətə başlayır. O, bu hərbi hissədə xidməti vəzifəsini 2016-cı ilə kimi davam etdirir.

Şanlı tariximizə 4 günlük müharibə kimi daxil olan 2016-cı ilin aprel ayındakı məlum döyüşlərə qatılmaqla, Siyahim də bu haqlı mübarizəmizə öz töhfəsini verir. Qorxubilməz top komandiri kimi qanlı döyüşlərə atılır. Bir neçə gün ərzində o, düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını və silah-sursat anbarlarını məhv etmişdir.

Böyük bir fəxr hissi ilə qeyd etmək istəyirəm ki, qəhrəmanımız Lələtəpə yüksəkliyinə bayrağımızı sancan ilk hərbçilərdən olub!

Siyahimdə olan istedadı, xüsusi bacarığı görən hərbi hissə komandiri, özü şəxsən təkid edərək onu Xüsusi Təyinatlı Qüvvələrimizin hazırlandığı 6 aylıq kursa göndərmişdir. Bu müddət ərzində də o, cəsurluğu, çevikliyi ilə diqqət mərkəzində qalmağı bacarmış, rəhbərlik tərəfindən xüsusilə, diqqətdə saxlanılmışdır. Nəhayət, seçim mərhələsi gəlir və Siyahim 600 nəfər idmançı-hərbçimiz arasından seçilən 13 nəfərdən biri olur. Bu seçimin nələrdən, hansı qürurverici məqamlardan xəbər verdiyini isə, yəqin ki, deməyə heç bir ehtiyac yoxdur!

Kursu uğurla bitirdikdən sonra Siyahimi Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə kiçik gizir rütbəsində xidmətini davam etdirir. Qısa müddət ərzində bu hərbi hissədə də, digər yerlərdə olduğu kimi özünə hörmət qazanır, nümunəvi hərbçi kimi xüsusi peşəkarlıq göstərir. Məsələnin ən maraqlı tərəfi isə, odur ki, Xüsusi Təyinatlı Qüvvələrimizin şəxsi heyətində Siyahimi tanımayan bir nəfər belə yox idi. “Cəlilabad qartalı” “Dəmir bilək”, “Dəmir” ləqəblərini də, hərbçi yoldaşları məhz, Siyahimin şərəfinə vermiş, ona olan ehtiramlarını bu cür ifadə etmişlər.

2018-ci ildə 25 dünya dövləti arasında dünya Xüsusi Təyinatlı Qüvvələrinin Türkiyə Cümhuriyyətində keçirilən təlimində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1-ci yerə layiq görülür. Hətta Türkiyə Cümhuriyyətinin nümayəndələri 25 dünya dövləti arasından seçilmiş yeganə şəxs kimi, Siyahimin orada qalıb təlimçi-müəllim olaraq işləməsini təklif etmiş, lakin komandanlıq buna icazə verməmiş və onu özü ilə Azərbaycana qaytarmışdır.

Bu şücaətlərinə görə, o, şəxsən Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin generalı tərəfindən fəxri fərman və diplomlara layiq görülərək, təltif edilmişdir.

Siyahimin komandirinin onun haqqında dediyi, “Tək Siyahim özü silahsız halda, əlbəyaxa 100 nəfər erməni əsgərinə cavab verəcək gücdədir! Şəxsən, mən onunla fəxr edirəm!” sözünün arxasında nələrin gizləndiyi zənnimcə, sizin üçün gün kimi aydındır!

Siyahim 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təsis edilmiş “Yubiley” medalı ilə təltif edilmişdir.

O, həmçinin, Xüsusi Təyinatlı Qüvvələrimizin tərkibindən formalaşmış futbol komandasının da aparıcı oyunçusu, çox fəal üzvü idi. Dəfələrlə bu istiqamətdə bir çox uğurları da olmuşdu.

Siyahim Xüsusi Təyinatlı Qüvvələrimizin tərkibində Lənkəran şəhərində, Xəzər dənizi sahillərində  “Dalğıc” kurslarında da fəal iştirak etmişdir!

Yuxarıda qeyd etdiyim kimi, Siyahim uşaqlıqdan idman həvəskarı idi. Bu maraq, onda idmanın bütün sahələrində biruzə verirdi.

Bütün bu faktlarla tanış olduqca, xalqımızın belə qəhrəman oğullar yetirməsinə heyrətlənməmək olmur!

2020-ci il iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhəddimizi kobud şəkildə pozan erməni quldurları ilə mübarizəyə bütün hərbçilərimiz kimi, müzəffər ordumuzun “Dəmir” əsgəri – Siyahim də qatılmışdı. Bu əməliyyatlarda da o, mahir kəşfiyyatçı kimi iştirak edirdi. Həmişə olduğu kimi, bu dəfə də Siyahim erməniləri döyüş meydanında məhv edir, onların irəliləməsinə imkan vermirdi. Bu döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıqlarına görə yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilir, müxtəlif fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Bu hadisələrdən bir az sonra Siyahim növbəti dəfə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mərkəzi təlim kursuna təlimçi-müəllim kimi dəvət olunur. Komandanlıq tərəfindən razılıq verilsə də, 2-ci Qarabağ Müharibəsi başladığından Siyahim bu dəvətdən imtina edərək, döyüşlərə qatılır.

(Ardı var)

 Sabit MEHDİYEV,

 “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri