Əbədiləşən qəhrəmanlıq əfsanəsi…

354

“Cəlilabad qartalı” Siyahim Dəmirovu şəhadətə aparan yol…

…Onun haqqında yazmaq mənim üçün məsuliyyətli olduğu qədər, həm də  çətin və qürurverici bir işdir.

Sizə təqdim edəcəyim bu şəxslə məni bir sıra ortaq cəhətlər birləşdirir. Biz eyni kənddə – doğma Əlinəzərli kəndində dünyaya göz açmışıq. Yaxın qohum olmaqla bərabər, eyni adlı il və eyni adlı bürc altında doğulmuşuq. Xarakterik xüsusiyyətlərimiz, daxili dünyamız və arzularımız da tamamilə uyğun gəlir bu gözəl insanla…

Vətən qarşısında xüsusi xidmətləri olan, öz qəhrəmanlığı ilə dastan yazan bir insanın həyatını, keçdiyi şərəfli ömür yolunu qısa bir yazıda oxuculara təqdim etmək olduqca mürəkkəb bir məsələdir.

(Əvvəli ötən sayımızda)

27 sentyabr 2020-ci il tarixdən, 2-ci Qarabağ Müharibəsinin başladığı ilk gündən Siyahim də yoldaşları ilə bərabər Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edir. Döyüş meydanında düşmən istehkamlarının dağıdılmasında xüsusilə fəallıq  göstərir, erməni terrorçularının məhv edilməsində bilavasitə qeyri-adi xidmətləri olur. Onun döyüş yolu, Füzuli rayonu və ətraf kəndləri, eləcə də Cəbrayıl, Hadrud, Qubadlı və Şuşa şəhərləri istiqamətində kəşfiyyatçı-döyüşçü kimi xüsusi rəşadət göstərmişdir.

Siyahim, müharibədən qabaq Şuşa şəhərini fəth edən ilk kəşfiyyatçı kimi də tarixə düşməyi bacardı!

29 oktyabr 2020-ci il tarixdə Daşaltı əməliyyatına kömək üçün çağrılan Siyahim, orada xüsusi əməliyyatlarda birbaşa iştirak edir, yağış kimi yağdırılan düşmən snayperlərinin susdurulmasında müstəsna xidmətləri olur.

Döyüş yoldaşlarının dediklərinə görə Siyahim bu döyüşlərdə də, hətta silahsız, bir neçə silahlı erməni əsgərini cəhənnəmə vasil etmişdir. Bir cinahdan düşmən istehkamına daxil olan Siyahim əl qumbarası ilə 8 erməni əsgərini məhv etmişdir. Elə həmin istehkamda döyüşən erməni diversiya qrupuna rəhbərlik edən mayor rütbəli bir erməni zabitinin başını şəxsən özü kəsmişdir! Qayıdanda isə, öldürdüyü bu erməni zabitinin xüsusi təlim görmüş itini də özü ilə hərbi hissəyə gətirmişdir.

Qəhrəmanımızın hər iki diz qapağı döyüşlərdə ciddi şəkildə zədələnibmiş. Ağrıları o dərəcədə şiddətli olurmuş ki, ayaqlarını xüsusi sarğı vasitəsi ilə bağlayırmış. Edilən məcburiyyətlərə baxmayaraq, o, müalicə almaqdan imtina edərək, xidmətinə davam etmişdir. Siyahim, “Onlar məndən ruh alır, mən öz əsgərlərimin yanında olmalıyam” demiş və yoldaşlarını tərk etməmişdir!

Yaxın qohumu ilə həmsöhbət olduğum zaman mənə Siyahimlə olan son yazışmasını göstərdi. Yazdığı sözləri oxuduqca heyrətlənir, hisslərimə hakim çıxa bilmirdim. Göz yaşları ilə oxudum hünər sahibi olan o kişinin real vəziyyəti qiymətləndirərək yazdığı cümlələri…

Siyahim: “Şuşa tərəfdən bütün xalqıma, el-obama salamım var! Sizə görə həyatdayam! Nə isə olsa, qoymayın kəfənimi, tabutumu açmağa! Olmaz! Qoy, gördüyünüz kimi yaddaşınızda qalım! Bilmək olmaz həyatdan necə köçərəm! Qismət olsa, görüşərik!”…

Şahidlərin bildirdiyinə görə, Siyahim mövqelərimizə kəşfiyyat üçün gələn, əli silahlı bir erməni kəşfiyyatçısını yerə yıxmış və əllərilə boğaraq öldürmüşdür! Bax, bu yazdıqlarım bir Azərbaycan hərbçisinin mümkünsüz görünən bir işi reallığa çevirdiyi tarixi faktdır!

Siyahim, xidməti boyunca, ümumilikdə 200-ə qədər erməni quldurunu şəxsən özü məhv etmişdir!

12 nəfərlik qrupa rəhbərlik edən Siyahim ailəli olan 8 nəfər yoldaşlarından arxaya qayıtmalarını əmr etmiş, özü də daxil olmaqla yerdə qalan 4 nəfər isə, döyüşə davam etmişdir. O, elə həmin döyüş zamanı vuruşaraq döyüş yoldaşlarını xilas etmək istəyərkən namərd gülləsinə rast gəlir və qəhrəmancasına şəhid olur!

O, Vətəninə ləyaqətlə xidmət etmiş, xalqına, dövlətinə sadiqliyini, ona sədaqətini öz əməli işi və sevgisi ilə sübut etmişdir!

Döyüş yoldaşlarının dediyinə görə, şəhidimizin çox nadir hallarda geyindiyi güllə keçirtməyən xüsusi geyimində təxminən 35 fərqli yerdə güllə izi olub. Təkcə bu fakt, onun bizim üçün hansı təhlükə qarşısında qalmasını bilməyimiz üçün yetərlidir!

Önəmli faktlardan biri də ondan ibarətdir ki, Siyahim şəhid olduğu sonuncu döyüşdə ölümcül yaralansa da, düşmənə təslim olmayıb və son nəfəsinə qədər mübarizə aparıb!

Onu da qeyd etmək istəyirəm ki, şəhidimiz Beyləqan rayonu ərazisində yerləşən Cərcis Peyğəmbər ziyarətgahında, şəhidlərimiz üçün ayrılmış Şəhidlər Xiyabanında dəfn edilib!

Artıq tarixə çevrilmiş həmin gün öz şəhidini hörmət və ehtiramla son mənzilə yola salan xalq sevgisinin canlı şahidi oldum! İnsan izdihamının, alqışların və haqqında deyilən qürurverici sözlərin müşayiəti ilə dəfn edildi şəhid qardaşım!

Göstərdiyi birliyə, həmrəyliyə görə, qədirbilən xalqımla bir daha fəxr etdim…

Düşünürəm ki, şəhidlərimizə, onların ailə üzvlərinə göstərdiyimiz diqqəti və qayğını gələcək nəsillərimiz üçün  miras kimi qoruyub, onlara ötürə bilsək, vətənimiz Azərbaycan bizdən sonra da əmin əllərdə olacaq. Ölkəmiz uzun illər boyu  müxtəlif sınaqlar, çətinliklər qarşısında qaldı və bu sınaqlara, çətinliklərə sinə gərən minlərlə Vətən övladı şəhid oldu. Bu gün bu torpaqlar üzərində həmin şəhidlərin hər birinin haqqı var.

Hazırda isə, üzərimizə düşən ən böyük məsuliyyət, yaşamış olduğumuz bu reallıqları gələcək nəsillər üçün tarixə çevirmək və onların vətənpərvərlik şüurunun inkişafı üçün çalışmaqdır.

Məlumat üçün bildirim ki, möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı sərəncama əsasən, Siyahim Əlizamin oğlu Dəmirov ölümündən sonra, “Qarabağ” ordeni, həmçinin, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir!

Öz ölümü ilə ölümsüzlük qazanan Vətənimizin mərd övladlarını yada salmaq, onların əziz  xatirəsini hörmətlə anmaq hər birimizin ən mühüm vəzifəsi və ən əsası, vətəndaşlıq borcudur!

Şəhidlərimizin uyuduğu hər bir məzar birmənalı olaraq, bizim üçün and yeri, ziyarət etdiyimiz ən müqəddəs məkandır!

Qürur yerimiz olan müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə igidlik göstərərək haqqa qovuşmuş şəhidlərimizlə fəxr edir, onları böyük hörmətlə anırıq!

“Vətəni sevmək imandandır!” deyiblər! Şəhid qardaşım, imanlı, təmiz, pak ruhunun qarşısında baş əyir, adını böyük ehtiramla anıram!

Sən hər günü əsrə bərabər olan mənalı bir ömür yaşadın!

Fani dünyada 30 il yaşamaq qismətin olsa da, əbədi dünyanın ölümsüz sakini kimi əlçatmaz zirvə qazandın!

Təəssüf, çox təəssüf ki, arzuların da, sevgin də, nakam ömrün kimi yarımçıq qaldı, Siyahim…

Siyahim qardaşımın dostları ilə münasibətdə ən çox işlətdiyi söz – “Kişi” sözü idi!  Sonuncu dəfə dostları ilə danışanda, “Mənim qanım bu torpağa halaldır! Şərəfsizlərdən yetərincə qırmışam! Günahsızların qanını almışam! Qismət olsa, görüşərik! Kişilər, məni yaddan çıxarmayın!…” sözlərini demiş və bir neçə gündən sonra haqqa qovuşmuşdur!…

Siyahim bir gün dostlarına deyir: “Ailəmizin yaxşı dolanmağı üçün mən də onlara öz köməkliyimi edirəm. Əgər ailəmin mənim verdiyim pula ehtiyacı olmasa, Vətənimə, dövlətimə pulsuz da xidmət edərəm, hətta hərbi geyimlərimi də özüm alaram! Vətənim üçün hər şeyə hazıram! Dövlətimə, bayrağıma görə hər çətinliyə dözərəm! Öz sevgimi bildirməyim üçün mənə dövlətdən hər hansı bir məvacib almağım önəmli deyil, onsuz da Vətənimi ürəkdən sevirəm!”

Məğrur dayan, başını dik tut, şəhid atası! Ömürlük hüznə bürünmüş, qürurla dayanmağı bacaran bir şəhid atası olmaq, qıy vuran  qartallar məskəni – başı qarlı uca dağ olmaq deməkdir!

Sən fəxr et ki, Vətənimiz üçün Siyahim kimi məğlubedilməz bir qəhrəman övlad bəxş etmisən! Allah, Özünün ən sevimli bəndəsinə – Şəhid əmanətinə sahib çıxdı, Siyahimi cənnətinə aparıb, ən yüksək adla- Şəhid adı ilə mükafatlandırdı!…

Dəyanətli ol, qürurla dur şəhid anası!

Siyahim, ömrün boyu fəxrlə deyəcəyin Şəhid Anası kimi əlçatmaz bir ad, böyük bir şərəf, müqəddəs bir nemət hədiyyə etdi Sənə!

Ağlama, şəhid anası! Göz yaşı qəlbinə axan əziz anam, Siyahim kimi oğul dünyaya gətirən ana, heç zaman ağlamaz! Xalqın qəhrəmanına  çevrilmiş bir insanı, cənnəti qazanmış xoşbəxt bir Allah bəndəsini ağlamazlar! Hamıdan çox Sən yandın, hamıdan artıq Sən üzüldün! Oğlun Vətən uğrunda şəhid oldu – əbədiyyətə qovuşdu, ancaq səni yalnız buraxmadı. Səni bütün Vətən oğullarının anası etdi! Bil ki, Siyahimin silahdaşları, bütün Azərbaycan iğidləri indi Sənin oğlundur! Qardaşım Siyahim tək Sənin deyil, Vətənimizin, Azərbaycanımızın, xalqımızın övladıdır! Ağlama, şəhid anası, sil gözünün yaşını, ağlama!…

Vətənin dar günündə ona sahib çıxan Siyahimin elə, bu Vətən boyda da bir ailəsi var! Bu Vətən üçün şirin canından keçmək, özünü bu yolda fəda etmək və hər kəsin ailə üzvü olmağı bacarmaqdır, Siyahim olmaq!

Ailəmiz bir Siyahim itirsə də, neçə milyon insan, neçə milyon ürək yeni bir Siyahim qazandı!

Cismən aramızda olmasan da, ruhən bizimləsən əziz qardaş!

Haqqını, bizim kimi günah sahiblərinə halal et!

Xalqımızın ər oğlu, mənim şəhid qardaşım, gözün yolda qalmasın!

Ruhun şad olsun əziz qardaşım! Dostların, Şanlı Azərbaycan Ordusunun əsgərləri- cəngavərlərimiz düşmənin arzusunu gözündə qoydu! Tarixi torpaqlarımız işğaldan azad edildi və erməni terrorçularından tamamilə təmizləndi!

“Dəmir Yumruq” əməliyyatı –  44 günlük Vətən Müharibəsi, Sənin kimi “Dəmir Yumruq” qardaşlarımızın sayəsində – bizim möhtəşəm Qələbəmizlə başa çatdı!

Qəlbinin ən böyük nəğməsi Vətən nəğməsi olan məğrur insan, rahat uyu!

Artıq arzuna çatdın, rahat uyu qardaş!

Şərəfinlə müqəddəs şəhidlik zirvəsinə yüksələn şəhid qardaşım,  mən də daxil olmaqla, bütün səni sevənlərin və qədirbilən xalqımızın qəlbində daim yaşayacaqsan!

Başın sağ olsun Azərbaycan xalqı!

Təki, Vətən yaşasın!

Təki, müstəqil Azərbaycan dövləti var olsun!

Ulu Tanrı cəmi şəhidlərimizə rəhmət etsin! Amin!

Xalqımız, müstəqil dövlətimiz daim var olsun!

Üçrəngli bayrağımız həmişə zirvələrdə dalğalansın!

Sabit MEHDİYEV,

“Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri

Qeyd: Yazının ərsəyə gəlməsində və işıq üzü görməsində mənə yaxından kömək edənlərə: Şəhidimizin ailə üzvlərinə, şəhidimizin dayısı qızı Ülviyyə bacıma, şəhidimizin dostlarına, Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri, cənab Müşfiq Əliyevə, mətbuat nümayəndələrinə və digər zəhməti keçənlərə sonsuz təşəkkürümü bildirirəm!